UNEC Kitabxana-İnformasiya Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin əsası qoyulduğu 1930-cu ildən başlayaraq universitetdə kitabxana da fəaliyyət göstərir. Lakin bir neçə dəfə universitetin bağlanması, başqa ali məktəblərin tərkibinə birləşdirilməsi, tədris binalarının yerinin dəyişdirilməsi nəticəsində kitabxana da fəaliyyətini dayandırmalı olmuş, fonduna böyük zərər dəymişdir. Sonradan kitabxananın fəaliyyəti 1966-cı ildən bərpa edilmiş və Əsaslı kitabxana kimi işini davam etdirmişdir. 15 aprel 2019-cu il tarixindən etibarən Əsaslı kitabxananın bazasında UNEC Kitabxana- İnformasiya Mərkəzi (KİM) yaradılmışdır.
UNEC KİM ümumilikdə, 80 736 nüsxə (2020-ci ilin hesabatına əsasən) Azərbaycan, ingilis, rus və türk dillərində kitab, tədris proqramı, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi və elektron xidmət təqdim edir.
Mərkəzin strukturunda 6 kitabxana fəaliyyət göstərir.