UNEC Kitabxana-İnformasiya Mərkəzinin Əsaslı kitabxanasında UNEC Yaradıcılıq Mərkəzi ilə birgə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov açaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı tarixin müxtəlif dövrlərində törədilən Xocalı faciəsindən söz açıb. O, Xocalı faciəsinin dünya miqyasında tanıdılmasında mədəni təsisatların və yaradıcı insanların üzərinə düşən vəzifələrdən, eləcə də bu istiqamətdə UNEC-də görülən işlərdən bəhs edib.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva Xocalı soyqırımı zamanı mülkü azərbaycanlılara qarşı törədilən qanlı cinayətlərdən danışaraq, bu həqiqətləri özündə əks etdirən və kitabxanada kitab sərgisindəki müxtəlif dillərdə nümayiş olunan nəşrlər barədə tədbir iştirakçılarına məlumat verib.

Əsaslı kitabxananın müdiri Nəzifə Bəxtiyarova Xocalı faciəsinin ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən ən qanlı cinayətlərdən biri olduğunu qeyd edib. O, şəhid ailələrinə göstərilən qayğının və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin önəmi iştirakçıların diqqətinə çatdırıb.

Sonra UNEC Yaradıcılıq Mərkəzinin Bədii qiraət dərnəyinin üzvləri Rəvan Əliyev, Turan Mirzəyev və İsmayıl Abbasov Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya və şeirlər səsləndiriblər, eyni zamanda Əsaslı kitabxananın müdir müavini Yusif Musayevin müəllifi olduğu “Xocalı” şerini ifa ediblər.