Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə   “COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası” mövzusunda onlayn dəyirmi masa keçirilib.

UNEC-in Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayevanın təşəbbüsü ilə keçirilən dəyirmi masada ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Sumqayıt, Gəncə, Naxçıvan Dövlət universitetlərinin və ölkənin digər ali təhsil müəssisələrinin kitabxana rəhbərləri, səriştəli kitabxana mütəxəssisləri, eləcə də BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti iştirak ediblər.

Tədbirdə “Kitabxanalarda rəqəmsallaşdırma: texniki təminat və hüquqi aspektlər”, “Kitabxanaların fəaliyyətinin iqtisadi aspektləri”, “Kitabxanaların onlayn xidmətlərində ünsiyyət məhdudiyyətləri”, “Distant təhsilin informasiya-resurs təminatında universitet kitabxanalarının vəzifələri” mövzularında təqdimatlar olub. Çıxışlardan sonra elektron kitabxanaların hazırkı durumu, mövcud problemlər və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı universitetlərdə gələcəyə baxış konsepsiyasının  müəyyənləşdirilməsi, rəqəmsal resursların günün tələbinə uyğun formalaşdırılması, universitetlərin vahid rəqəmsal resurs mərkəzinin yaradılması, universitetlərdə çalışan kitabxana mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yerli və beynəlxalq təlimlərin təşkili barədə təkliflər səsləndirilib.

UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanan müzakirələr böyük maraqla qarşılanıb.